
Qurban İsmayılov 1960-cı ildə Ağcabədi rayonunda doğulub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Bir müddət "Nəsimi" folklor teatrında, ADMİU-nun Tədris teatrında işləyib. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər Teatrının, 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. 1995-ci ildə Teatr Xadimləri İttifaqı tərəfindən keçirilən "I Eksperimental Tamaşalar Festivalı"nda S. Mrojekin "Mühacirlər" əsərində ifa etdiyi 2-ci mühacir roluna görə "Ən yaxşı kişi rolu" nominasiyasında mükafata layiq görülüb. 1993-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2006-cı ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. 2014-cü ilin aprel ayının 13-də Beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılmışdır. 9 may 2012-ci il tarixdə Əməkdar artist, 1 avqust 2018-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür. 2013-cü ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 2014-cü ildə "Mən gəldim, qızlar" ("Müharibə") əsərində canlandırdığı kor ata obrazına görə "Humay" mükafatına layiq görülüb. 2017-ci ildə "Nar bağı" filmindəki roluna görə, 13-cü Avrasiya Beynəlxalq Film Festivalında "Ən yaxşı kişi rolu" mükafatına layiq görülüb. 10 mart 2021-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı təltif olunub. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.