
Həsən Ağaməmməd oğlu Məmmədov 1938-ci il noyabr ayının 22-də Salyan rayonunda doğulmuşdur. Burada 2 saylı orta məktəbi 1956-cı ildə bitirmiş və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdu. İkinci kursda universitetdən çıxmış və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq etmişdir. 1962-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda (1960–1961) işləmişdir. H. Məmmədov məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu 1962-ci ildə bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilmişdir. O, elə həmin ildən kinoda da fəaliyyət göstərmişdir. H. Məmmədov 50-dən çox filmdə çəkilmişdi. 1962-ci ilin 10 sentyabrında bu qədim sənət ocağının aktyor truppasına üzv olmuşdur. Bu ildən başlayaraq on il ərzində kino çəkilişlər ilə əlaqədar olaraq müxtəlif müddətlərə dəfələrlə teatrdan işdən çıxmış və yenə kollektivə qayıtmışdır. İldən-ilə kino aktyoru kimi məşhurlaşan Həsən Məmmədov 1972-ci il 2 fevralda köçürmə yolu ilə Akademik teatrdan çıxaraq "Azərbaycanfilm" kinostudiyasına işə qəbul edilmişdi. O, 1989-cu il 17 mayda dəvətlə Cəmil Əlibəyovun "Gülüstanda qətl" (quruluşçu rejissor Ağakişi Kazımovdur) dramının tamaşasında İlyas İbrahimov rolunu oynamışdı. H. Məmmədov Akademik teatrın direktoru və bədii rəhbəri Həsənağa Turabovun dəvətilə 1992-ci il 21 noyabrdan ömrünün sonunadək doğma kollektivin aktyor truppasında çalışmışdı. Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var.