
İsi Məlikzadə 1934-cü il mayın 1-də Azərbaycanın Ağcabədi rayonunda anadan olmuşdur. Orta təhsilini Ağcabədidə Xəlfərəddin kənd orta məktəbində, ali təhsilini indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində almışdır. Azərbaycan bədii nəsrinin XX əsrdə yetirdiyi görkəmli söz ustalarından biri İsi Məlikzadədir. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan İsi Məlikzadə ədəbiyyatda heç kimə bənzəməyən, özünəməxsus fərdi yaradıcılıq qabiliyyəti, üslubu ilə xalqın yaddaşından silinməyən bir sənətkardır. Əmək fəaliyyətinə neft mədənlərində operator kimi başlayan İ.Məlikzadə gənc yaşlarından həm də ədəbi yaradıcılıqla da məşğul olurdu. O, hələ orta məktəbdə təhsil alarkən təşkil olunan dram dərnəklərində fəal iştirak edər, müxtəlif dram əsərlərində fərqli obrazlar yaradar, ədəbi-bədii yaradıcılıq gecələrində şeirlər söyləyərdi. Yazıçı bədii yaradıcılığına kiçik hekayələrlə başlamışdır. Ancaq İsi Məlikzadənin bədii nəsrində-povestlərində XX əsrin 70-80-ci illərində cəmiyyəti narahat edən, düşündürən sosial-fəlsəfi problemlər qaldırılmışdır[1] . 1964-cü ildə İsi Məlikzadənin "Həsrətin sonu" adlı ilk kitabı işıq üzü görüb. Sonrakı illərdə isə "Özgə anası" (1969), "Kövrək qanadlar" (1973), "Küçələrə su səpmişəm" (1977), "Yaşıl gecə" (1979), "Günəşli payız" (1982), "Dədə palıd" (1984), "Gümüşgöl əfsanəsi" (1987), "Şehli çəmənlərin işığı" (1991), "Dolaşaların Novruz bayramı" (1992) adlı kitabları nəşr olunub