
Elnur Kərimov 1981-ci il sentyabr ayının 11-də Bakı şəhərində doğulub. Atası Umbay Kərimov Bakıda, 2 nömrəli avtobus parkında işləyib. Anası Solmaz Kərimova isə 1969-cu ildən Azərnəşrdə korrektor vəzifəsində çalışıb. 3 yaşından bacı və qardaşları ilə birlikdə Yuri Qaqarin adına Pionerlər Sarayında rəqs və xüsusi ilə nağara dərnəyində musiqi ilə məşğul olub. 1986 ci ildə Yuri Qaqarin adına Pionerlər Sarayının 50 illik yubileyində Heydər Əliyev Sarayında nağarada solo "çırtma qaytağı" ilə çıxış edib. 1988-ci ildən "Dənizçilər Klubu" Mədəniyyət Sarayının ansamblına ən gənc nağara ifaçısı kimi dəvət alıb. 1989-cu ildə Krasnovodsk və Şevçenko şəhərlərində keçirilən "Azərbaycan Mədəniyyəti Günləri"ndə iştirak edib. 1989-cu ildə xüsusi istedadına görə indiki Əfsər Cavanşirovun qərarı ilə İncəsənət Gimnaziyasına imtahansız qəbul edilib. Burada "simli alətlər", "nəfəs alətləri", "vokal", "aktyorluq" kimi müxtəlif sənət dərsləri alıb. Gimnaziyada təhsil aldığı müddətdə "Şəhriyar" yubiley tamaşasında, Şəhriyar, "Məhəmməd Füzuli" yubileyində Füzuli, Məmmədkamal Kazımovun quruluş verdiyi Sultan Məcid Qənizadə "Xor-Xor" tamaşasında "Rüstəm bəy", Ənvər Əblucun quruluş verdiyi Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasında "Qoçu Əsgər" rollarını oynayıb. Gimnaziya şagirdlərinin ifasındakı "O olmasın, bu olsun" tamaşası AzTV-nin qızıl arxivində saxlanılır. Gimnaziyada təhsil aldığı müddət ərzində Kunq Fu To`A idman növü ilə məşğul olub və paytaxt birincisi olub.