
Barat Həbib xan qızı Şəkinskaya 28 iyun 1914-cü ildə Şuşada bəyzadə ailəsində anadan olub. Anası Gövhər xanım Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olub. Atası Həbib xan, 1920-ci il, aprelin 28-də bolşeviklər Bakını zəbt edərkən qaçaq düşüb. Barat Şəkinskaya, hələ uşaq ikən 1920-ci ildə Şuşada göstərilən "Şəbih" tamaşasında Səkinə rolunda iştirak edib.O, ilk təhsilini Şuşada alıb. 1920-ci il avqustun 21-də anası uşaqları Barat, Səriyyə və Süleymanla birlikdə Şuşanı tərk edərək Ağdamın Göytəpə kəndinə gedirlər. 1923-cü ildə isə Gəncəyə köçüblər. Həmin il sentyabrın 1-də Gəncədəki 2 saylı, birinci dərəcəli qız məktəbində dərsə başlayıb. 1927-ci ildə Gəncədə pedaqoji məktəbə qəbul olunub. Həm məktəbin, həm də şəhərin müxtəlif dram dərnəklərində həvəskar aktrisa kimi çıxış etməyə başlayıb. 1929-cu il, sentyabrın 18-də Gəncə Həmkarlar ittifaqının "Fəhlə klubu"nda aktrisa ştatına götürülmüşdür. 1930-cu il, iyunun 25-də Pedaqoji məktəbi bitirərək, Sərkər kənd məktəbinə müəllim göndərilir. Eyni zamanda, "Qadınlar klubu"nun, "İşçi klubu"nun və "Dəmiryolçular klubu"nun dram dərnəklərində həvəskar aktrisa kimi fəaliyyətini artırır. 1933-cü il, yanvarın 7-də Gəncə türk İşçi Teatrosunun truppasına aktrisa götürülür. 1935-ci il, fevralın 23-də Lavrenti Beriya adına Gəncə Dövlət Dram Teatrından işdən çıxıb tibb təhsili almaq məqsədi ilə Bakıya gəlir. 1935-ci il, sentyabrın 1-də Akademik Milli Dram Teatrının aktyor truppasına aktrisa qəbul olunur