
Kənan Məmmədov 1946-cı il oktyabrın 9-da Bakıda doğulub. 1965-ci ildə orta məktəbi bitirib. Hələ uşaqlıq illərində sənətkar Xan Babayevlə ünsiyyət onun gələcək peşə seçiminə müsbət təsir göstərib. 1971-ci ilə qədər Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. 1971–1976-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda A. V. Qalperinin emalatxanasında kinooperator fakültəsində təhsilini başa vurub, "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərdə quruluşçu operator kimi fəaliyyətə başlamışdır. Hal-hazırda eyni zamanda ANS TV-də baş operator kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan SSR Dövlət Mükafatı laureatıdır. 1996–2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişdir. 2010-cu ildə Avropa Kino Akademiyasının üzvü seçilmişdir.