
Əli Cəfərzadə — Azərbaycanlı bəstəkar, 27 yanvar 2004-cü ildə anadan olmuşdur. İlk musiqi təhsilini Bülbül adına Orta İxtisas Musiqi Məktəbində almış, burada bəstəkarlıq ixtisası üzrə bəstəkar Ayaz Qəmbərlinin sinfində təhsil almışdır. 2021-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq ixtisasına qəbul olmuş 2025-ci ildə bakalavr pilləsini bəstəkar, dosent Arzu Məmmədovanın sinfində müvəffəqiyyətlə başa vuraraq həmin akademiyanın magistratura pilləsinə qəbul olmuşdur. Təhsil illəri ərzində Əli Cəfərzadənin əsərləri müxtəlif konsertlərdə, müsabiqələrdə və beynəlxalq layihələrdə səsləndirilmişdir. 2022-ci ildə Cadenza Orkestri tərəfindən keçirilən “Partituralar üçün çağırış” müsabiqəsində bəstəkarın simli orkestr və fortepiano üçün yazdığı “4 Paradoks” əsəri seçilmiş dörd əsərdən biri olmuş, əsər vorkşop çərçivəsində qiraət edilmiş və daha sonra orkestr tərəfindən konsert proqramında ifa olunmuşdur. Həmin ildə “Şərq və Qərb musiqi mədəniyyətlərinin dialoqu” mövzusunda keçirilən II Beynəlxalq Elmi-praktiki konfransda “Weberndən yeni musiqiyə doğru” mövzusunda çıxış etmişdir. Eyni zamanda estoniyalı bəstəkar Einike Leppik və rus bəstəkar Aleksandr Xubeyevin ustad dərslərində iştirak etmişdir. 2023-cü ildə yenidən Cadenza orkestrinin “Partituralar üçün çağırış” müsabiqəsində “Bağlı qapı arxasında” əsəri seçilmiş əsərlər sırasında yer almış və orkestr tərəfindən səsləndirilmişdir. 2024-cü ildə “9 Perspectives” əsəri Cadenza orkestrinin müsabiqəsində seçilmiş üç əsərdən biri olmuşdur. Həmin əsər daha sonra Agidel Dalğaları Beynəlxalq Bəstəkarlar Müsabiqəsində I yerə layiq görülmüşdür. Müsabiqə Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Başqırdıstan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilmişdir. Eyni ildə İohann Sebastyan Bax adına Polşada keçirilən beynəlxalq müsabiqədə bəstəkarın “Morse” adlı əsəri I yerə layiq görülmüşdür.