
Fəaliyyətinin ilk illərində Vahid Əliyevin rəhbərlik etdiyi dram dərnəyində aktyorluq sənətində ilk addımlarını atmış, sonra isə Nərimanov rayonu Uşaq Yaradıcılıq Mərkəzində İmran Vahabovun rəhbərlik etdiyi dram dərnəyinin üzvü olmuşdur. 2003–2005-ci illərdə Nəsibə Zeynalova adına "Cənnət" xalq teatrında, 2005—2006-cı illərdə 1 illik müqavilə əsasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor çalışmışdır. 2006-cı ildən Azərbaycan Dövlət Pantomim Teatrında aktyor kimi çalışır. 2009-cu ildən etibarən həmin teatrda paralel olaraq rejissor kimi də fəaliyyət göstərir. Bəhruz Vaqifoğlu Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə çəkilmiş, habelə "Günaydın, mələyim", "Cavad xan", "Vəkil hanı?", "Çölçü", "Dərvişin qeydləri", "Yarımçıq xatirələr" kimi ekran əsərlərində maraqlı rollar yaratmışdır. Rejissor kimi şəhid Alı Həsənliyə ithaf olunan "Hər şey yaxşı olacaq!" filmini çəkmişdir. Gənclərin Ümumrespublika Teatr Festivalında dəfələrlə iştirak etmiş və qalib olmuşdur.