
Quliyeva Şəlalə Şahvələd qızı 23 yanvar 1977-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1995-ci ildə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində dram-kino aktyor fakültəsinə daxil olmuşdur. Tələbə ikən sənət müəllimi, kursun rəhbəri Azər Paşa Nemətov nasir-dramaturq Elçinin "Ah, Paris…Paris!.." satirik komediyasınının Azərbaycan Akademik Milli Dram Teatrında tamaşasında rol almışdır. 1996-cı ildə Akademik Teatrın aktrisasıdır. Həmin ildən başlayaraq Şəlalə Şahvələdqızı yaşına və səhnə qabiliyyətinə uyğun rollar oynamağa başlayıb. 1999-cu ildə universitet təhsilini başa vurub. Həm dramatik, həm də komediya janrlı tamaşalarda müxtəlif rollar ifa etmişdir. 2004-cü ildə Gənclər, İdman və Turizm nazirliyi tərəfindən "İlin ən yaxşı aktrisası" nominasiyası üzrə mükafatlandırılıb. 2011-ci ildə Moskvada Beynalxalq teatr məktəbinin aktyor sənəti üzrə ali kursunun məzunudu. 9 may 2012-ci il tarixdə ona Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı verilmişdir. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. Atası Şahvələd Quliyev Mingəçevir şəhərinin ilk qurucularındandır.