
İsa Hüseynov (İsa Muğanna) 1928-ci ildə Qazax qəzasının Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952–1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960–1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964–1968), redaktor (1968–1974), Ssenari şurası üzvü (1974–1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.