
Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. Orta məktəbin 4-5-ci siniflərindən pionerlər evində rəqs dərnəyinə gedib, basketbolla, voleybolla məşğul olub. Naxçıvanın gənclərdən ibarət voleybol komandasında çıxış edib. Bakıda rəqqas kimi festival laureatı olub. İl yarım Naxçıvan Dövlət Mahnı və Rəqs Ansamblında peşəkar rəqqas, solist olan Elxan M.A.Əliyev adına ADİİ-nun aktyorluq (1962–1966), Leninqrad DTMKİ-nun rejissorluq fakültəsində (1973–1978) təhsil alıb. "Əhməd haradadır" filmindən "sürücü Əhməd" kimi tanınan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. Bədii, sənədli filmlərin, "Mozalan" süjetlərinin müəllifidir. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2023-cü ilin may ayında səhhətində problemlər yaranıb. 29 may 2023-cü ildə aorta anevrizmasının partlaması səbəbi ilə vəfat etmişdir. Xırdalan qəbiristanlığında dəfn olunmuşdur