
Elşən Heybət oğlu Zeynallı 19 yanvar 1975-ci ildə Sumqayıt şəhərində anadan olub. 1992-ci ildə orta məktəbi bitirib. 1993–1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində, xalq artisti Eldar Quliyevin yaradıcılıq emalatxanasında, bədii kino və televiziya filmləri rejissorluğu ixtisası üzrə təhsil alıb. Təhsil müddətində bir neçə tələbə-tədris filmlərinin çəkilişində iştirak edib və müəllifi olduğu işlərlə fərqlənib. Peşəkar fəaliyyətinə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti kimi başlayıb. 1998-ci ildə həqiqi hərbi xidmətdə olub. 1999-cu ildən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində kinorejissor kimi fəaliyyət göstərib və dövlət sifarişi ilə çəkilmiş çoxsaylı sənədli və bədii televiziya filmlərinin müəllifi olub. 2011–2013-cü illərdə ATV International kanalının, 2013-cü ildən isə CBC TV / CBCfilm kanalının “Televiziya Filmləri Studiyası”nda kinorejissor kimi çalışıb. Yaradıcılığında Azərbaycan tarixi, mədəni irsi, milli kimlik, görkəmli şəxsiyyətlər və müasir ictimai mövzular əsas yer tutur. Teatr sahəsində də ardıcıl fəaliyyət göstərən Elşən Zeynallı müxtəlif dövlət teatrlarında tamaşalara quruluşçu rejissor kimi imza atıb. O, bir sıra bədii filmlərin ssenari müəllifidir. Respublika Gənclər Mükafatı laureatıdır. 2021-ci ildən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində dərs deyir. Uzun illər fərdi ustad dərsləri keçirib, yetirmələrinin bir qismi ADMİU-nun məzunudur. Hazırda “Televiziya filmlərinin struktur problemləri” və “Azərbaycan televiziya kinosunun gələcək inkişaf perspektivləri” mövzularında kitablar üzərində çalışır. Azərbaycan Kinematoqrafçılar İttifaqının və Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvüdür. Evlidir, iki övladı var. 2025-ci ildə rejissoru olduğu “Soyuq günəş” tammetrajlı bədii filmə görə Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” peşə mükafatının Təşkilat Komitəsi tərəfindən “Multikulturalizmin və milli-mənəvi dəyərlərin uğurlu ekran həllinə görə” xüsusi diplomuna layiq görülüb.