
Tofiq Mirzəyev 16 iyun 1932-ci ildə Bakıda anadan olub. Ata tərəfdən əslən Gədəbəydəndir. Anası Bella İlyinşina əslən yəhudi idi. Qardaşı Teymur Mirzəyev də musiqiçi idi. İkinci Dünya müharibəsi illərində Tofiq Mirzəyevin atası cəbhədə döyüşlərdə iştirak etmişdir. Müharibə illərində o, anası, qardaşı və bacısı Leya qohumlarının təkidi ilə Gədəbəyə köçmüş, müharibə bitənə qədər orada qalmış, sonra Bakıya qayıtmışdılar. T.Mirzəyev Azərbaycan Konservatoriyasının klarnet sinfini bitirib. Əvvəlcə Bakıda, sonra Moskvada Böyük Niyazi onu klarnet ifaçısı kimi görərək Dövlət simfonik orkestrinə dəvət edib və Tofiq maestronun rəhbərliyi altında orkestrin tərkibində Azərbaycan və dünya simfonik musiqilərini ifa etməyə başlayıb. Onun rus və Avropa bəstəkarlarının klassik musiqilərinə, Q.Qarayevin, C.Hacıyevin, F.Əmirovun, Niyazinin özünün əsərlərinə dərindən bələd olması da məhz buradan qaynaqlanır. Amma Tofiq Mirəzyev lap gənc yaşlarından klassik musiqi ilə yanaşı, cazla da maraqlanıb. Özü də yalnız maraqlanmaqla kifayətlənməyib, Pərviz Rüstəmbəyov, İsmayıl Kələntərov, Vaqif Mustafazadə, Tofiq Şabanov kimi adlı-sanlı Azərbaycan cazmenləri ilə birlikdə caz musiqiləri ifa edib. Lakin qəfil xəstəlik onun musiqi karyerasına son qoyub. Belə ki, Tofiq Mirzəyev 1960-cı ildə ağır xəstələnir və həkimlər ona klarnetdə ifa etməyi qadağan edirlər. Peşəsini dəyişmək məcburiyyətində qalan Tofiq Mirzəyev rejissor olmaq üçün Moskvaya oxumağa gedir. Kursları bitirdikdən sonra rejissor peşəsinə yiyələnir. Ardından Azərbaycan Televiziyasında işə düzələn Tofiq Mirzəyev burada 25 il fəaliyyət göstərir. O, Azərbaycan Televiziyasında ilk musiqi proqramlarını hazırlamağa başlayır. Rejissor, həmçinin burada bir neçə film-konsert ("Abşeronun nəğmələri", "Niyazinin simfoniyası" və s.) nümayiş etdirib. Həmin dövrdə AzTV-nin baş rejissoru olan Arif Babayev ona televiziyada ilk addımlarında, sonra isə kinoda kömək edib. Onun iştirakı ilə çəkilən filmlər Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir. Onlar arasında "Uşaqlığın son gecəsi", "Nəsimi", "Təhminə", "O qızı tapın", "İstintaq" və başqa filmləri göstərmək olar. Aktyor "Mosfilm" və "Dovjenko" studiyalarında da filmlərə çəkilib. 90-cı illərdə İsrailə köçüb. Uzun illər İsraildə yaşayıb və ictimai fəaliyyətlə məşğul olub. Aktyor burada fəaliyyət göstərən Hayfa-Bakı cəmiyyətinin üzvü idi. Yazıçı Anar ilə bacanaqdır. Teymur adlı oğlu var. 21 iyul 2026-cı ildə 94 yaşında vəfat edib. İsrailin Arad şəhər məzarlığında ailəsinin yanında dəfn olunub.