
Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakının Novxanı kəndində anadan olmuşdur. 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülmüşdür. Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilmişdir (1935). 1940-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin birinci çağırış deputatı seçilmişdir (1938). Bundan sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olmuşdur. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru (1937–1938), "Ədəbiyyat qəzeti"nin baş redaktoru olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinə, "Azərbaycan", "Kirpi" jurnallarının və "Советский писатель" (sovetskiy pisatel)" redaksiya heyətlərinə üzv seçilmişdir. Xidmətlərinə görə üç dəfə "Lenin" ordeni, iki "Qırmızı əmək bayrağı" ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin fəxri fərmanı və bir sıra medallarla təltif olunmuşdur. 1971–1989-cu illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olmuşdur. 1989-cu il iyunun 10-da Bakıda vəfat etmişdir.