
Şua Şeyxov 1905-ci ildə Naxçıvanda anadan olub. O, səhnə fəaliyyətinə 1922-ci ildə Azad Tənqid və Təbliğ Teatrında başlayıb. Burada işləyərkən paralel şəkildə təhsil alıb və Bakı Teatr Məktəbinin 1926-cı ildəki 13 məzunundan biri olub. 1927–1931-ci illərdə Moskva Dövlət Eksperimental Teatr Emalatxanasında teatr rejissorluğu fakültəsinin məzunu olub və 1935–1936-cı illərdə təhsilini Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirib. Şua Şeyxov 1931–1935-ci illərdə TRAM-da (Fəhlə və Gənclər Teatrı) və Dərbənd Azərbaycan Teatrında rejissorluq fəaliyyəti göstərib. O, 1936-cı ildə "Çapayev]" filmini Azərbaycan dilinə çevirməklə Azərbaycanda dublyaj sənətinin bünövrəsini qoyub. Bir müddət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor, Qaryagin (Füzuli) Dövlət Dram Teatrında quruluşçu rejissor və bədii rəhbər işləyib. 1936-cı ildən kinoda ikinci rejissor, rejissor və ssenari müəllifi kimi çalışıb. Rejissor 1970-ci ildə Bakıda vəfat edib.