
23 fevral 1911-ci ildə – Şəmsi Bədəlbəyli Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində görkəmli pedaqoq və ictimai xadim Bədəl bəy Bədəlbəylinin (1875–1932) və Rəhimə xanım Qacarın (1880–1966) ailəsində dünyaya gəlmişdir.a Bakıda orta məktəbdə ibtidai təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra Ş. Bədəlbəyli Azərbaycan Pedaqoji Texnikumuna daxil olur. Bu illərdə o, böyük həvəslə özfəaliyyət dərnəyində iştirak edir, aktyorluq istedadını sınayır. 1927-ci ildə – Azərbaycan Pedaqoji Texnikumunun məzunu olur. 1927–1932-ci illərdə – Azərbaycan Dövlət Konservatoriyasında təhsil alır: iki il xalq çalğı alətləri şöbəsində, daha sonra kompozisiya nəzəriyyəsi sinfində Üzeyir Hacıbəylinin tələbəsi olur. Həmin illərdə Azərbaycan Dövlət Dram Teatrında böyük qardaşı, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin rəhbərlik etdiyi orkestrdə tar çalır. Bəzən C. Cabbarlının "Od gəlini" və "Sevil" tamaşalarında səhnə arxasından aktyorları tarda müşayiət edirdi. Eyni zamanda, dramaturq və rejissor Cəfər Cabbarlı ilə dostlaşaraq, ona səhnə ilə bağlı fəaliyyətində köməklik göstərir. Bu da onun rejissorluq sənətinə marağını artırır və o, C. Cabbarlının əsərlərinin tamaşalarında rejissor assistenti kimi çalışmağa başlayır. 1930–1932-ci illərdə "Gənc işçi" qəzeti redaksiyasında "İncəsənət və ədəbiyyat" şöbəsinin müdiri vəzifəsində çalışır, həmin qəzetin səhifələrində bir sıra tamaşalar haqqında məqalələri dərc olunur. 1932-ci ildən (may ayından başlayaraq) 1942-ci ilə kimi – Azərbaycan Dövlət Dram Teatrında rejissor assistenti və rejissor kimi fəaliyyət göstərir. 1933-cü ildə Ş. Bədəlbəyli Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Moskvaya rejissorluq üzrə təcrübə işinə göndərilir.[4] Moskvada Malıy Teatrda Şillerin "Don Karlos" əsərinin hazırlığında görkəmli rejissor K. Marcanaşvilinin rəhbərliyi altında rejissor assistenti kimi təcrübə keçir. Həmçinin, İnqilab teatrında rejissor A. Popovun yaradıcılıq emalatxanasında öz təcrübəsini zənginləşdirir, dramaturq N. Poqodinin "Mənim dostum" əsərinin tamaşasının hazırlanmasında iştirak edir. 1936-cı ildə Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Dram Teatrında rejissor kimi fəaliyyətini davam etdirir. Bir sıra səhnə əsərlərinin tamaşalarına quruluş verir. Onlardan C. Cabbarlının "1905-ci ildə", "Od gəlini" əsərlərinin tamaşalarının hazırlanmasında Ş. Bədəlbəyli rejissor assistenti kimi iştirak edir. Xüsusilə onun M. F. Axundovun "Müsyo Jordan və dərviş Məstəli şah" komediyasının səhnələşdirilməsi üzrə (rejissor M. Zeynalovla birgə) yaradıcılıq işi klassik komediyanın müasir təfsiri kimi qeyd olunur. 1939-cu ildən müstəqil rejissor kimi professioanal fəaliyyətinə başlayır və ömrünün sonuna kimi yaradıcılıqla məşğul olur. Ş.Bədəlbəyli yaşadığı dövrdə müxtəlif teatrların rəhbər vəzifələrində çalışmış və incəsənətdəki xidmətlərinə görə bir sıra mükafatlara, fəxri adlara layiq görülmüşdür. Şəmsi Bədəlbəyli 1987-ci il, 23 may tarixində vəfat etmiş və Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.