
Səməndər Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda anadan olub. O, Ağsu rayonundakı dram dərnəyində fəaliyyət göstərib. 1964-1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Onun sənət müəllimləri Rza Təhmasib, Mehdi Məmmədov, Adil İsgəndərov olublar. 1968-ci ildə, institutun son kursunda oxuyarkən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına baş rejissor Tofiq Kazımovun dəvəti ilə qəbul edilib. Onun ilk rolu Uilyam Şekspirin "Hamlet" faciəsinin tamaşasında Horatsio olub.