
Şamil Mahmudbəyov 6 fevral 1924-cü ildə dünyaya gəlmişdir. 1943-cü ildə orduya qoşulub Böyük Vətən Müharibəsinin bir sıra qanlı döyüşlərində iştirak etmişdir. Tərxis edildikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olan rejissor rejissor S.Gerasimovun və aktrisa T.Makarovanın tələbəsi olmuşdur. O, 1954-cü ildən Bakı kinostudiyasında rejissor vəzifəsində çalışıb. "Görüş" (1955), "Qara daşlar" filmlərində ikinci rejissor işləyib, özünü sınamaq xətrinə poçtla kitab göndərilməsi, zavodda əməyin təhlükəsizliyi, Azərbaycan uzunömürlüləri, Naxçıvanda sosializm quruculuğu haqda sənədli lentlər çəkib. Rejissorun ilk kino işi "Əyri yolla qazanc" qısametrajlı filmi olub. Ş.Mahmudbəyov yaradıcılığının davamı olaraq "Romeo mənim qonşumdur" lirik komediyasını, eyniadlı kinoalmanaxa daxil edilmiş "Qaraca qız" (1966) kinonovellasını, müxtəlif janrlara aid "Torpaq. Dəniz. Od. Səma", "Həyat bizi sınayır", "Skripkanın sərgüzəşti", "Dörd bazar günü", "Dərviş Parisi partladır" (K.Rüstəmbəyovla birlikdə), "Bayquş gələndə", "Od içində", "Tənha narın nağılı" (H.Turabovla birlikdə) filmlərini çəkmişdir. Rejissora böyük şöhrət qazandıran 1969-cu ildə çəkilmiş "Şərikli çörək" filmi olmuşdur.Film Azərbaycanın Qızıl Fonduna daxil edilib. Şamil Mahmudbəyov "Şərikli çörək" filminə görə Dövlət Mükafatına layiq görülmüşdür. Film Böyük Vətən Müharibəsindən sonrakı ilk illərdən bəhs edir. Şamil Mahmudbəyov eyni zamanda aktyor olmuş "Yenilməz batalyon" filmində Qaçaq Əlimərdan rolunu, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş "Fəryad" bədii filmində isə erməni Samvelin mənfi obrazını böyük ustalıqla ifa etmişdir. Ağır xəstəliyə tutulmuş rejissor "Divar" və "İnsan" adlı sonuncu televiziya kinolentlərini tamamlaya bilmir.