
Qara Əbülfəz oğlu Qarayev — Azərbaycan-sovet bəstəkarı və pedaqoqu, Sosialist Əməyi Qəhrəmanı (1978), SSRİ xalq artisti (1959), Azərbaycan SSR xalq artisti (1958), Stalin mükafatı laureatı (1946, 1948), "Lenin" mükafatı laureatı (1967), SSRİ Ali Sovetinin IV–IX çağırış (1955–1976) deputatı, AMEA-nın akademiki. Qara Qarayev yaradıcılığında Nizami Gəncəvi, Səməd Vurğun, Rəsul Rza poeziyasıyla bərabər, Uilyam Şekspir, Aleksandr Puşkin və Ömər Xəyyam, Mixail Lermontov və Lope de Veqa obrazlarına müraciət etmiş, müasirləri olan Nazim Hikmət, Lenqston Hyuz, Vsevolod Vişnevski, Piter Abrahams kimi XX əsr sənətkarlarının əsərlərindən ilhamlanmışdır.