
Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina ("Şıltaq qızın yumşalması", Uilyam Şekspir), Elvira ("Don Juan", Jan Batist Molyer), Yelizaveta ("Mariya Stüart", Fridrix Şiller) rollarını oynayıb.a Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib. Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale ("Keto və Kote", Vladimir Dolidze. Tərcümə edəni Şəmsi Bədəlbəyli), Ziraldina ("İki ağanın bir nökəri", Karlo Qaldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Zivər xanım ("Məhəbbət gülü", türkmən dramaturqu Muxtar Hüseynov və Süleyman Ələsgərov), Alma ("Şirin arzular", Tərcümə edənləri Ə. Süleymanov və Abdulla Qüdrət), Qesiya ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorova. Tərcümə edəni Adil Babayev), Gülbadam ("Qız anası", ("Sevgilimin anası"), Georgi Xuqayev və A. Ovanov) rollarının xüsusi yeri var. Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. Bu baxımdan aktrisa aşağıdakı rolların əvəzsiz ifaçısı sayılır.