
Onun ilk kitabı 1961-ci ildə işıq üzü görüb. Yazıçının kitabları dünyanın bir çox ölkəsində dərc edilib. 36 xarici dilə tərcümə olunub. SSRİ-nin və Azərbaycanın Dərgilərində çap olunub. Maqsud İbrahimbəyovun ən məşhur romanları arasında "Bütün yaxşılıqlara görə ölüm", "Truskaveçə kim gedəcək", "Ondan yaxşı qardaş yox idi", " Qoy o bizimlə qalsın", "Bayquş gəldi", "Kərgədan buynuzu" və digərlərinin adını çəkmək olar. Onun bir çox əsərləri həm Azərbaycanda, həm də ölkənin hüdularından kənarda müxtəlif kinostudyalarda ekranlaşdırılıb, pyesləri isə 50 teatrda tamaşaya qoyulub. Azərbaycan SSR Tikinti Nazirliyinin ağır sənaye inşaatı trestində mühəndis (1960–1962), Moskva Ali Ssenaristlər Kursunda müdavim (1962–1964), Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri (1964–1971), Moskva Ali Rejissorluq Kurslarında müdavim (1971–1973) olmuşdur. Maqsud İbrahimbəyov 22 mart 2016-cı ildə Bakı şəhərində gecə saatlarında vəfat etmişdir və 23 mart 2016-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilərək I Fəxri Xiyabanda dəfn edilmişdir. Azərbaycan Respublikasının Xalq Yazıçısı Rüstəm İbrahimbəyovun qardaşıdır. Azərbaycanlı coğrafiyaşünas, coğrafiya elmləri doktoru, Respublika Coğrafiya Cəmiyyətinin üzvü Məmmədibrahim İbrahimbəyovun oğludur. Həyat yoldaşı isə Anna İbrahimbəyova (d. 1947), oğlu Murad İbrahimbəyov (1965), kinorejissordur.