
Xudaverdiyev Kamal Ağahüseyn oğlu 3 may 1938-ci ildə Bakıda doğulub. 1965-ci ildə ali təhsilini başa vuran Kamal Xudaverdiyev Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə oktyabr ayının 1-də truppaya ştata götürülüb. Arada qısa fasiləni çıxmaqla yalnız Akademik teatrda işləyib. Müxtəlif illərdə "Azərbaycanfilm" kinostudiyasında "İstintaq davam edir" (Çingizov), "Ən vacib müsahibə" (Həsənov), "Dağlarda döyüş" (Rüstəmov), "Nəsimi" (Yusif), "Abşeron" (Əli), "Üzü küləyə" (kombinat müdiri), "Adanı özünlə apara bilməzsən" (ata), "Otel otağı" (alim), "Dədə Qorqud" (ata) filmlərində xaraktercə fərqli obrazlara çəkilib. Kamal Ağahüseyn oğlu Xudaverdiyev teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1 dekabr 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 22 may 1991-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub.