
Peşəkar səhnəyə 1988-ci ildə gəlmişdir. Həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olmuşdur. Bu müsabiqədən sonra, "Qızıl Payız-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də diplomant olaraq, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanmışdır. Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına "Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" – Mogilyov-96 Beynəlxalq müsabiqəsində də qalib gəlmişdir. Bundan sonra Faiq Ağayevin peşəkar səhnə həyatında yüksəliş mərhələsi başlayır. 1996-cı ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin solistidir. Həmçinin, 2012–2013-cü illərdə Azərbaycan Dövlət Muğam Teatrının solisti kimi çalışıb. 1995-ci ildə müğənninin "Ola bilməz" adlı ilk albomu çıxır. Bu albomdan sonra 1996-cı ildə çıxan "Səni əvəz eləmir", 1998-ci ildə çıxan "Vəfasızım", 2000-ci ildə buraxılan "Faiq Ağayev – Seçmələr", 2000-ci ildə çıxan "Minilliyin sonu…", 2004-cü ildə işıq üzü görən "Tam məxfi" və 2006-cı ildə dərc olunan "Faiq Agayev — Albom Kolleksiyası" albomları müğənninin diskoqrafiyasını davam etdirir.