
Ətayə Əliyeva 1920-ci il mayın 2-də Poltoratsk şəhərində anadan olub. Səhnə fəaliyyətinə həvəskar kimi başlayıb. O, ilk dəfə 1933-cü ildə Rza Əfqanlının Aşqabad musiqili dram teatrında tamaşaya qoyduğu "Aşıq Qərib" tamaşasında Qəribin bacısı rolunu ifa edib. Bakı Teatr Texnikumunda ixtisas təhsili alıb. Burada Fatma Qədrinin təşəbbüsü ilə dram dərnəyində bir neçə rolda çıxış edib. 1934-cü ildə texnikumun birinci kurs tələbəsi olan Ətayə Əliyeva M.Füzuli adına Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilib. 1936-cı ildə Ətayə xanım teatrın bir qrup aktyoru ilə birlikdə İrəvana gedib və burada İrəvan Dövlət Azərbaycan Dram Teatrında on il işləyib. O, İrəvan teatrında həm milli, həm də xarici əsərlərin tamaşasında onlarla səhnə obrazı yaradır. 1948–1949-cu illərin teatr mövsümündə Gəncə Dram Teatrına dəvət edilib. Ətayə xanımın səhnə fəaliyyəti Cəfər Cabbarlı yaradıcılığı ilə sıx əlaqədardır. Sevil və Dilbər, Yaqut və Tanya, Sona və Solmaz (İrəvan teatrında), Almaz, Sara, Gültəkin (Gəncə teatrında) obrazları üzərindəki işi aktrisa üçün böyük bir məktəb olub. 1956-cı ildə Ətayə Əliyeva yenidən M. Füzuli adına Azərbaycan Dövlət Akademik Dram Teatrına qayıdır. Burada klassik və müasir Azərbaycan dramaturqlarının, eləcə də tərcümə əsərlərinin tamaşalarında çıxış edir. Pəri (Pəri Cadu), Sona (Hacı Qara), Fatmanisə (Ölülər), Validə (İliç buxtası), Nəzakət (Sən həmişə mənimləsən), Rəfiqə (Yalan), Məlahət (İkinci səs) və onlarla digər səhnə obrazı aktrisanın son illərdə oynadığı rollardandır. Ətayə Əliyeva radio və televiziya verilişlərində və kinodada bir çox rolları ifa edib. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Bizim küçə" filmində "Bəyim xala", "Dağlarda döyüş" filmində "ana", "Telefonçu qız" filmində "Simuzər", "Uşaqlığın son gecəsi" filmində "Mənsurə" rollarında çıxış edib. Rejissor Rza Təhmasibin 1959-cu ildə ekranlaşdırdığı "Onu bağışlamaq olarmı?" filmində aktrisa iki rolda "leytenant Qarayeva" və "Sara xala" obrazlarını canlandırıb.