
Rəcəbov Əlixan Vaqif oğlu 1991 ildə avqustun 1-i Bakı şəhərində doğulub. Milli Aviasiya Akademiyasında təhsil alıb, 2012-ci ildə məzun olub. 2009-cu ildə ilk dəfə Rusiyanın Həştərxan şəhərində, "Neftçi Bakı" ŞHK-nun heyətində çempionata qatılıb. 2009-cu ildən 2013-ilə qədər bir çox ŞHK liqalarında komandasıyla birlikdə iştirak edib. 2013-cü ildə Azərbaycan yığmasında Belarusun Minsk şəhərində 1-ci liqada oyuna qatılıb. 2014-cü ildə ANS telekanalında yayımlanan Comedy.az layihəsində rezidentlik edib. 2016-cı ilin dekabrında şəxsi videobloquna başladı. İlk videobloqları cəmiyyətdəki mənfi obrazlar haqqında çəkilmiş 1 dəqiqəlik videolar idi. Daha sonra bu videoformatdan çıxıb, daha keyfiyyətli və xronometraj baxımından uzun vloqlar çəkməyə başladı. Videobloqlarıyla məşhurlaşandan sonra, 2017-ci ildə "Kəklikotu" filminin kastinqindən keçib, Qafar obrazını canlandırdı. Daha sonra, böyük şirkətlərə reklam videoçarxları çəkməyə başladı. 2018-ci ildə isə, "Ağacdələn" , "Qış Nağılı" və "Əlvida Şmidt!" filmlərində baş rollarda yer alıb. 2019-cu ilin martında İctimai TV-də yayımlanan "Şou biznesin sonu" televiziya filmində baş rolda oynayıb.