
Elçin Əfəndiyev 13 may 1943-cü ildə Bakı şəhərində XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində doğulub. Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya ədəbiyyatı Elçinin daimi mütaliəsinin əsasına çevrilib. O, nə zaman yazmağa başlayıb? Bu suala Elçin özü belə cavab verir: "Özümü xatırladığım zamandan. Hələ yazıb-oxumağı bacarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım…" Bakı şəhərində orta məktəbi (1960), Bakı Dövlət Universitetinin Filologiya fakültəsini (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını (1969) bitirib, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə (1945–1965)" mövzusunda namizədlik (1970), "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq (1997) dissertasiyalarını müdafiə edib. 1969–1972-ci illərdə Azərbaycan ЕА Nizami adına Dil və Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" şöbəsində kiçik elmi işçi, 1972–1975-ci illərdə baş elmi işçi vəzifəsində işləmiş, eyni zamanda Nəsimi adına Dilçilik və Nizami adına Ədəbiyyat İnstitutlarının Birləşmiş Müdafiə Şurasının elmi katibi olmuşdur. 1975-ci ildə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiya heyətinin üzvü seçilmişdir. 1975–1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin katibi olmuşdur. 1987-ci ildə Xaricdə yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti – "Vətən" Cəmiyyəti Rəyasət Heyətinin sədri, 1988-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışmışdır. 1998-ci ildə Azərbaycan nəsrinin inkişafındakı böyük xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Xalq yazıçısı" fəxri adına layiq görülmüşdür. 1999-cu ildə Parisdə YUNESKO xətti ilə beynəlxalq səviyyədə təntənəli qeyd edilən "Dədə Qorqud" simpoziumuna sədrlik etmişdir. 1998-ci ildən Bakı Dövlət Universitetinin professorudur. Bir sıra Dövlət Komissiyalarının sədri, nüfuzlu Azərbaycan və beynəlxalq ədəbi, ictimai qurumların, Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın üzvü idi. Elçin Əfəndiyev 3 avqust 2025-ci ildə, 82 yaşında vəfat edib.