
Əbdül Mahmudov 15 may 1944-cü ildə indiki Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Əslən Şamaxıdandır. Ana tərəfi Haşimi krallığından olduğu üçün, nəsilləri həşimxanlılar adlanırmış. Ata tərəfi isə Ərdəbildən olub. 1961-ci ildə orta məktəbi bitirmişdir. Kinoya gəlişi uşaqlıq illərində çəkildiyi "Bir məhəllədən iki nəfər" və "Leyli və Məcnun" filmlərilə baş vermişdir. Daha sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Adil İsgəndərovun kursunda aktyorluq ixtisasında (1962–1966), Moskvada isə Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G. Daneliya kimi məşhur sənətkarlardan dərs almışdır (1971–1973). 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi işləyib. Bir ara kinostudiyanın nəzdindəki kinoaktyor teatrının bədii rəhbəri olub.