
Rza Təhmasib Naxçıvanda dünyaya gəlmişdir. Elə uşaqlıqdan sənətə-teatra meyli olub. 16 yaşında ikən Tbilisidə "Müsəlman Artistləri İttifaqı"nın teatr truppasında fəaliyyətə başlayan gənc Təhmasib 1920-ci ilədək Tbilisi, İrəvan, Naxçıvan teatrlarında aktyorluq və rejissorluq etmişdir. 1920-ci ildən isə bu müqtədir sənətkarın yaradıcılığı Azərbaycan Dövlət Dram Teatrı ilə bağlı olmuşdur. 1922–1924-cü illərdə bu teatrda bədii rəhbər, 1937–1938-ci və 1953–1959-cu illərdə isə direktor kimi fəaliyyət göstərmişdir. Milli teatr ənənələrinin yaranmasında, Azərbaycanda realist teatrın formalaşmasında Rza Təhmasib yaradıcılığının əhəmiyyəti həqiqətən əvəzsizdir. Və bu gün ötən əsr teatr tariximizin səhifələrini vərəqləyəndə Rza Təhmasib irsinin izləri aydın görünür. Teatr tariximizdə oynanılan elə bir klassik Azərbaycan və dünya ədəbiyyatı nümunəsi yoxdur ki, Rza Təhmasib aktyor və rejissor kimi bu tamaşalarda işləməmiş olsun. Onun yaradıcılığı epoxal xarakterlidir, təxminən bir əsrə yaxın dövrdə bu sənətkarın ömür yolu teatr və kinomuzun inkişafına xidmətdə keçmişdir. Aktyor kimi yaratdığı İsgəndər ("Ölülər"), İblis və Arif ("İblis"), Şeyx Sənan ("Şeyx Sənan"), Qacar ("Ağa Məhəmməd Şah Qacar"), Süleyman ("Həyat"), Koşkin ("Lyubov Yarovaya"), Strijin ("Eskadranın Məhvi"), Karl Moor ("Qaçaqlar") kimi rollar klassik teatrımızın ən layiqli sənət nümunələrindən olmuşdur. Rza Təhmasibin Cəfər Cabbarlı yaradıcılığına böyük simpatiyası olmuşdur. Dəfələrlə bu nəhəng dramaturqun əsərlərini səhnəyə qoymuş, müxtəlif rolları ifa etmişdir. Aydın, Elxan, Balaş, Hacı Əhməd, İmamyar, general-qubernator kimi Cabbarlı personajlarını xüsusi istedadla səhnədə canlandırmışdır. Rejissor kimi ilk müstəqil işi Cəlil Məmmədquluzadənin "Ölülər" əsəri olub. O dövrün mətbuatında onun quruluşunda "Ölülər" yeni teatr, yeni sənət nümunəsi kimi qiymətləndirilirdi. "Ölülər" onun rejissor kimi formalaşmasında mühüm və əhəmiyyətli rol oynadı. "Şeyx Sənan" (1931), "Sevil" (1934), "Özgə Uşağı" (1936), "Madrid" (1938), "Vəfa" (1943), "Hacı Qara" (1958) kimi tamaşaları Rza Təhmasibin rejissorluq məharətinin ən layiqli nümunələri idi. Ümumiyyətlə, ötən əsrin 60-cı illərinə qədər Rza Təhmasib milli teatrımızın təşkilatçısı və yaradıcısı kimi onun inkişafının təminatçılarından biri idi. Azərbaycan teatr sənətinin böyük bir dövrü Rza Təhmasib yaradıcılığı ilə bağlı olmuşdur.