
25 may 1963-cü ildə Ankarada doğulub. Əslən Rizəli bir ailənin oğlu olan atası Abidin Kumbasar (d. 1932), professor dərəcəsinə sahib daxili xəstəliklər və kardiologiya həkimidir. Kumbasarın Deniz adlı özündən yaşca kiçik bir qardaşı vardır. Atasının spiker Canan Kumbasar ilə ikinci evliliyindən isə Genco Güralp adlı bir oğlu daha olmuşdur. Kumbasar, atasının işi səbəbilə bağçanı Amerika Birləşmiş Ştatlarında bitirmişdir. TED Ankara Kollecində təhsil alarkən anası tərəfindən modelçilik və zəriflik məktəbinə göndərilmişdir. Daha sonra Ankara İqtisadi və Ticarət Elmləri Akademiyasında iqtisadiyyat təhsilini yarımçıq buraxaraq İstanbula gedib model kimi fəaliyyət göstərməyə başlamışdır. O, bu qərarı üçün illər sonra "ən böyük peşmanlığım" ifadəsini işlətmişdir. Həmin dövrdə bir çox reklam filmlərində rol almışdır. 1986-cı ildə TRT 1-də yayımlanan “Doqquzuncu Xariciye Qoğuşu” serialında canlandırdığı Nüzhet rolu ilə aktyorluğa addım atmışdır. Həmçinin 1980-ci illərdə aparıcılığa da başlamışdır. 1989-cu ildə türk aktyor və şoumen Mehmet Ali Ərbil ilə evlənmişdir. 1995-ci ildə bu evlilikdən Yasmin adlı qızı dünyaya gəlmişdir. 1996-cı ildə isə ərindən boşanmışdır. 2000-ci ildə “Eyvah, Qızım Böyüdü” serialındakı Berna rolu ilə ekranlara geri dönmüşdür. Sonrakı illərdə müxtəlif layihələrdə iştirak etmişdir. 2007-ci ildə yayımlanan “Evimin Ərkeği” serialı ilə ssenaristliyə başlamışdır. 2015-2017-ci illər arasında Star TV-də yayımlanan “Kiralık Aşk” adlı serialda Neriman obrazını canlandırmışdır.