
Sədaqət Kərimova 1953-cü ilin martın 30-da Qusarda anadan olmuşdur. 1969-cu ildə Qusar şəhər 1 saylı orta məktəbini bitirmişdir. Hələ məktəb illərindən respublikanın bir sıra qəzet və jurnallarında şeir, hekayə və məqalələrlə çıxış etməyə başlamışdır. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olan S. Kərimova tələbəlik illərinin ilk günlərindən "Azərbaycan gəncləri" qəzetinin ştatdankənar müxbiri kimi əxlaq mövzusunda yazdığı silsilə məqalələri ilə tanınmışdır. Universiteti bitirdikdən sonra Azərbaycan KP MK-nın "Sovet kəndi" qəzetində 17 il fasiləsiz çalışmışdır. Sonralar "Azərbaycan" qəzetində şöbə müdiri, "Günay" qəzetində baş redaktorun müavini kimi fəaliyyət göstərmişdir. S. Kərimova 1997-ci ildən üç dildə çıxan "Samur" qəzetinin baş redaktorudur. Həmin qəzeti öz vəsaiti ilə nəşr edir. S. Kərimova Azərbaycan, rus və ləzgi dillərində çap olunmuş 9 mindən çox məqalənin müəllifidir. Jurnalistika sahəsindəki uğurlarına görə o, hələ Sovet dövründə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" (1984) və Həsənbəy Zərdabi adına (1991) mükafatlarına layiq görülmüşdür. Sədaqət Kərimova indiyə kimi ləzgi, azərbaycan rus və türk dillərində nəşr olunmuş 40 nəzm və nəsr kitabının müəllifidir. Onun qələmindən azərbaycan dilində "Səssiz haray", "Bir yaz gecəsi", "Hal", "Qürub", "Ağ qəm", "Özgə ağrısı", "Yol ayrıcında" nəsr kitabları, "Qərib quşun nəğməsi", "Qəlbinə boylan, insan", "Hardasan, əvvəlki mən?" nəzm kitabları çıxıb.