
Ramiz Həsənoğlu 1946-cı ildə İrəvan şəhərində dünyaya göz açıb. Anası Azərbaycan milli teatr sənətində bənzərsiz ifa qabiliyyəti olan, əməkdar artist Ətayə Əliyeva, atası əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevdir. 1948-ci ildə ermənilərin yenidən azğınlaşmasından sonra İrəvan teatrının kollektivi qonşu Azərbaycana üz tutur. 2 yaşlı R. Həsənoğlu valideynləri ilə birlikdə Gəncə şəhərinə köçür. 1956-cı ildə Bakıya gəlirlər. Ramiz 1965-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə qəbul olunur. 1966-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi işləməyə başlayır. Ağaəli Dadaşov, Rauf Kazımovski, Arif Babayev kimi görkəmli sənətkarlardan bu sənətin sirlərini öyrənir.