
Polad Murtuza oğlu Məmmədov 4 fevral 1945-ci ildə Bakıda anadan olmuşdur. Özünə soyad kimi atasının ləqəbini — Bülbül götürmüşdür. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir (Qara Qarayevin sinfi). Polad geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınmışdır. Kino-filmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema və.s əsərlərin müəllifidir. 1973-cü ildə Azərbaycan SSR əməkdar artisti, 1982-ci ildə isə Azərbaycan SSR xalq artisti fəxri adlarını alıb. 1987-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Müqəddəs Knyaz Nevski mükafatına layiq görülüb. Səfir bu mükafata Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq görülüb. Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə təltif edilib. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim etdiyinə, diplomatiyaya qoyulan təbii məhdudiyyətlərə baxmayaraq verdiyi bəyanatlar və müsahibələrdə ölkəmizin ədalətli mövqeyinin güzəştsiz olduğunu aşıladığına, ictimai düşüncədə mövcud olan anlaşılmazlıq və ziddiyyətlərə, cəmiyyətin hələ hər hansı riskli addıma hazır olmamasına baxmayaraq Dağlıq Qarabağa etdiyi səfərlərdə, münaqişəyə səbəb olmuş tərəfin — ermənilərin düz içərisində Azərbaycanın maraqlarına uyğun apardığı işə, yaratdığı "Eşq və ölüm" baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi samballı töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyət və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda "2009-cu İlin Adamı" elan edilib. 2005-ci ildə "İstiqlal" ordeni ilə təltif edilib. 3 fevral 2015-ci ildə "Şərəf" ordeni ilə təltif edilmişdir. 18 may 2016-cı ildə məşhur heykəltaraş və rəssam Zurab Seretellinin "Mənim müasirlərim" adlı heykəllər silsiləsi çərçivəsində Moskvada Polad Bülbüloğlunun abidəsinin açılışı olub. 2017-ci ildə "Rus ifaçılıq sənəti" (rus. Русское исполнительное искусство) İctimai Fondunun 25 illiyi medalına layiq görülüb. 2019-cu ilin iyul ayında Polad Bülbüloğlu 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Azərbaycanın ən ali ordeni olan "Heydər Əliyev" ordeni ilə təltif edilib. 2024-cü il sentyabrın 14-də Polad Bülbüloğlu Ermitaj Mükafatının laureatı olub. Sentyabrın 17-də isə Başqırdıstanın Xalq artisti adı verilib. O, 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazanaraq Milli Məclisin VII çağırış deputatı seçilib. 23 sentyabr 2024-cü ildə Prezidentin sərəncamı ilə Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. 2024-cü il oktyabrın 8-də Azərbaycan - Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib. 3 fevral 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.