
Nəcibə Məcid qızı Behbudova 6 yanvar 1914-cü ildə Tiflisdə anadan olub. Əslən qarabağlıdır. Məşhur müğənni Rəşid Behbudovun böyük bacısıdır. Atası Məcid Behbudov el xanəndəsi kimi tanınıb. Anası Firuzə Vəkilova isə müəllimə işləyib. Altı yaşında olanda Tiflisdəki əmək məktəbinə gedib. Nəcibə xanım doqquz yaşında olanda məktəbdə oxumaqla yanaşı,Nəriman Nərimanov adına klubun dram və rəqs dərnəklərinə üzv olub. Məktəbi 1930-cu ildə bitirib.[1] 1931-ci ildə Bakıya gəlib və burda Hidrologiya Texnikumuna daxil olub. Dinyəlici kimi Bülbülün Konservatoriyadakı sinfinə gedib və vokal ifaçılığının müəyyən peşəkarlıq xüsusiyyətlərinə yiyələnib. Səsinin messo-soprano idi. Hətta konsertlərdə müğənni kimi çıxış edib. Lakin 1933-cü ildə anası rəhmətə getdiyi üçün Tiflisə qayıdıb. Bir müddətdən sonra Mirzə Fətəli Axundzadə adına Tiflis Azərbaycan Teatrının truppasına daxil olub. Əvvəlcə tamaşalara dəvətli aktrisa kimi çıxış edib. 1 noyabr 1937-ci ildən 9 may 1939-cu ilə kimi isə teatrın aktyor ştatında olub. Bir müddət osmanlı türklərinin və azərbaycanlıların məskunlaşdıqları Gürcüstanın Adıgün rayonunda Kolxoz və Sovxoz Teatrında çalışıb.