
Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb. 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb. 1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb. 1975-ci ildə "Azərbaycan Dövlət Estrada Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qrammofon valları böyük tirajla buraxılıb. Repertuarı hərtərəfli və olduqca genişdir. Populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirib. Azərbaycan Ali Sovetinin deputatı olub, bir sıra orden və medallarla təltif edilib.