
Məsud Pənahi 10 yanvar 1943-cü ildə doğulub. 1966-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1972-ci ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) rəssamlıq fakültəsini və ÜDKİ-nin nəzdindəki animasiya üzrə quruluşçu-rejissor kurslarını bitirib. 1973-cü ildən 1979-cu ilə kimi Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında animasiya filmlərinin rejissoru və rəssamı kimi çalışmışdır. Həmin illər ərzində bir neçə animasiya kursları təşkil etmiş, onlarla animasiya mütəxəssisi yetişdirmişdir. Məsud Pənahi "Tıq-tıq xanım" ("Pıspısa xanım və Siçan bəy") animasiya filminin müəllifidir. 1979-cu ildən Almaniyada yaşayır. Berlin Mərkəzi Telestudiyasında və müxtəlif animasiya studiyaları nəzdində 60-dan çox animasiya filmlərinin çəkilişlərində iştirak edib. M. Pənahinin son işlərindən biri Berlindəki Azərbaycan diasporasının dəstəyi ilə 2012-ci ildə çəkilmiş və Xocalı şəhərində baş vermiş faciədən bəhs edən "Sükutun pozulması" ("Zerstörter Friede") animasiya filmidir. 2020-ci ildə Almaniyanın Berlin şəhərində Məsud Pənahinin "Rezin xoruz" adlı avtobioqrafik kitabı nəşr olunub.