
Mehmet Ada Öztekin (d. 1976, Antalya) — türk rejissor, ssenarist, yazıçı və tərcüməçidir. Antalyada və İzmirdə universitet illərində özəl radiolarda rəhbər vəzifələrdə çalışıb. “Gamlı Baykuş” adlı radio proqramını hazırlayıb və təqdim edib. Radiodakı fəaliyyətindən sonra kino sevgisi onu İstanbula gətirib və burada bir prodüser şirkətində işləməyə başlayıb. Kaan Çaydamlı ilə tanış olub və kitab tərcümələri edib. Həmin dövrdə Kaan Çaydamlı və Mete Avunduk Kent FM-də “Kaybedenler Kulübü” radio proqramını aparırdılar. Öztekin isə sonradan filmi çəkiləcək “Kaybedenler Kulübü”nün ssenarisini o illərdə yazmışdı. Filmdə Rıza Kocaoğlu tərəfindən canlandırılan Murat obrazı onu təmsil edir. Bir çox reklam çarxı, musiqi klipi, qısametrajlı film, film və serialda həm ssenarist, həm də rejissor kimi uğurlu layihələrə imza atıb. Eyni zamanda Akademi 35 Buçuk Sənət Evinin müəllimlərindəndir. “Veronica Pompa İstiyor” adlı kitabı Altıkırkbeş nəşriyyatı tərəfindən çap olunub. Onun rejissoru olduğu “Mahmut ile Meryem” filmi Türkiyə–Azərbaycan ortaq ilk kino layihələrindən biridir. Ən çox səs-küy yaradan işlərindən biri olan “Kuzey Güney” serialı Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Albaniya, İran kimi ölkələrdə də yayımlanıb. Müxtəlif dövrlərdə jurnallarda yazmağa davam edən Öztekin, 2015–2016 yayım mövsümündə TRT 1-də yayımlanan “Büyük Sürgün Kafkasya” serialının rejissoru olub. 2016–2017-ci illərdə Kanal D-də yayımlanan “Bodrum Masalı” serialını da o çəkib. 2017-ci ilin avqustunda çəkilişləri tamamlanan “Martıların Efendisi” filminin də rejissorudur. “Kaybedenler Kulübü” filminin davamı olan “Kaybedenler Kulübü Yolda” filminin çəkilişlərinə 2017-ci ilin oktyabrında başlanıb və 17 noyabr 2017-də tamamlanıb. Film 16 mart 2018-ci ildə Türkiyədə nümayişə çıxıb. 2019-cu ildə çəkdiyi “7. Koğuştaki Mucize” filmi ilin ən çox izlənilən filmi olub. Film 93rd Academy Awards çərçivəsində “Ən yaxşı beynəlxalq film” nominasiyası üzrə Türkiyənin namizədi seçilib.