
Eldəniz Zeynalov 1 yanvar 1937-ci ildə anadan olub. Hələ məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram Teatrında uşaq rollarında çıxış edib. Teatr İnstitutunda aktyorluq təhsili alıb (1956–1962). Tələbə ikən Eldar Quliyevin "Bir cənub şəhərində" filmində baş rollardan birinə çəkilib. Məzun olduqdan sonra Akademik Dram Teatrında işə başlayıb. İlk dəfə "Sevil" tamaşasında Gündüz rolunu oynayıb. Sonralar teatr və kinoda, televiziya və radio tamaşalarında, "Mozalan" satirik kinojurnalının bir çox süjetlərində yadda qalan obrazlar yaradıb.[2] Xarici film istehsalçılarının "Dulsineya Tobosskaya" (Mosfilm), "Təyyarələr Enmədi" (Özbəkfilm) filmlərində çəkilib. "Humay" mükafatı laureatı (1999), əməkdar artist (1974), xalq artisti Eldəniz Zeynalov 2001-ci il noyabrın 5-də vəfat edib, Yasamal qəbiristanlığında dəfn edilmişdir.