
Dilarə Əliyeva 1994-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Teatr kollektivinin rəhbəri" fakültəsini bitirmişdir. 1996-cı ildən 2009-cu ilədək C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində işləyib. D. Əliyeva aktrisa kimi fəaliyyət göstərdiyi müddətdə müxtəlif janrlı tamaşalarda maraqlı rollar oynamışdır. Onun Xatirə (Hidayət, "Məhəbbət yaşayır hələ!…"), Günay (Hidayət, "Durnalar qayıdanda"), Günay (M. Bayciyev, "Ər və arvad"), Henrietta (G. Mopassan, "Dərəbəylik"), Badam (V. Əliyev, "Madam-Badam"), Gəlin (Z. Yaqub, "Didərginlər"), Mişilin (M. Marinye, "Oğru"), Zərifə (G. Xuqayev, "Mənim qayınanam") kimi rolları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. D. Əliyeva bir sıra televiziya filmlərində də çəkilib. Televiziya ekranında yaratdığı Leyli (N. Gəncəvi, "Leyli və Məcnun"), Durna (V. Səmədoğlu, "Yumurta"), Xavər (M. Atəş, "Gəlinlər"), Sarıca (M. Süleymanlı, "Bəylik dərsi"), Məhəbbət (T. İmanov, "Məhəllə") kimi obrazlar aktrisanın yaradıcılıq yolunun uğurları sayıla bilər. Dilarə Əliyeva ATV telekenalının populyar "Çal-çağır" proqramının aparıcısı olub. Hal-hazırda isə ARB telekanalında "Söhbət Var" proqramının aparıcısıdır. "SOY Production" mərkəzinin rəhbəri Oqtay Əliyev (1968) həyat yoldaşıdır. İki övladı var: Aytən (1994) və Banu (2007). Xalq artistləri Elmira İsmayılova və Vidadi Əliyevin gəlinidir, Vüsal Murtuzəliyevin bacısıdır. 16 oktyabr 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb