
Mirsadıq Xanoğlan oğlu Ağazadə 9 mart 1962-ci ildə Lənkəran rayonunda anadan olmuşdur. 1979-cu ildə orta məktəbi Lənkəranda bitirmiş və həmin il Bakı Mədəni-Maarif Texnikumunun rejissorluq ixtisasına qəbul olunmuşdur. Təhsilarası 1981-1983-cü illər ərzində iki il sovet ordusunda hərbi xidmətdə olmuş, bombardmançı təyyarələr üzrə 1-ci dərəcəli aviamexanik kimi xidməti başa vurmuşdur. Daha sonra təhsili davam etdirmiş və 1985-ci ildə texnikumu bitirmişdir. 1985-1991-ci illər ərzində Lənkəran rayon mədəniyyət şöbəsində metodist vəzifəsində işləyib. 1991-1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino və teatr rejissorluğu fakültəsində kinorejissorluq ixtisası üzrə təhsil almışdır. Müxtəlif illərdə Azərbaycan Televiziyasında (1994-2000), 215 KL-də (1997), TGRT-də (1997-1999), Lider TV-nin sənədli filmlər departamentində (2001-2004) çalışmış, 2005-2010-cu illərdə Space TV-nin Ekspremental layihələr departamentinin rəhbəri olmuşdur.[1][2][3] 2006-2015-ci illərdə İctimai TV-də, 2014-2016-cı illərdə ATV-də, 2015-2023-cü illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətini davam etdirmişdir. Ölkənin müxtəlif televiziya və studiyalarında rejissor və ssenarist kimi işləmişdir.Çoxsaylı filmlərin və televiziya proqramlarının rejissoru və müəllifi olmuşdur. 2003-2004-cü illərdə Avropanın Cənubi Qafqaz müstəqil kinemotoqrafçıları üçün keçirilmiş "AVANTİ" layihəsinin Azərbaycan tərəfdən iştirakçısı və qalib mükafatçısı olmuşdur.Beynəlxalq kinofestivallarda iştirakçı və münsif kimi iştirak etmişdir. Azərbaycan Professional Kinorejissorlar Gildiyası İdarə Heyətinin sədr müavinidir.