
Elvin Mirzəyev 1974-cü ildə Bakıda anadan olub. 1994-cü ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun fortepiano şöbəsini, 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. 1996–2003-cü illərdə Bakı Kamera Teatrında rejissor, aktyor, 2003–2004-cü illərdə Space TV, 2004–2006-cı illərdə isə ANS TV-də işləyib. 2006–2007-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqı Yaradıcı Gənclər Mərkəzinin təsisçisi və rejissoru olub. 2008-ci ildən 2012-ci ilədək Azərbaycan Dövlət Musiqili Komediya Teatrının rejissoru olub. 2013-cü ilin oktyabr ayından öz "TREM TV Production" kinoşirkətini yaradır. Bu şirkətin bazasında "Qağayı" və "Əli və Nino" bədii televiziya seriallarını, bir sıra sənədli filmlər və kliplər çəkir. 2016-cı ilin oktyabr ayından İrəvan Azərbaycan Dövlət Teatrının rejissorudur. 2023-cü il yanvar ayından Alternativ SƏHNƏ Teatrının baş rejissorudur. 2000-ci ildə "Yaranış" tamaşasına görə Respublika Gənclər Festivalında ikinci mükafat alıb. 2003-cü ildə "İlin ən yaxşı gənc rejissoru" mükafatı ilə təltif edilib. 2007-ci ildə Prezident təqaüdünə layiq görülüb. Almaniyada, Rusiyada, Ukraynada, Çexiyada, İranda keçirilən beynəlxalq teatr festivallarında öz tamaşaları ilə çıxış edib, mükafatlar alıb. Azərbaycan, rus və ingilis dillərini bilir. Evlidir – Ayşə adlı qızı və Əlixan-Əliheydər adında oğlu var. SSRİ xalq artisti, rejissor Mehdi Məmmədovun bacısı nəvəsidir.